Ölkədə atların sayı sürətlə azalır – Qazaxıstana minlərlə at satılıb


Bu ilin ilk 4 ayı ərzində Azərbaycan xarici ölkələrə 942 baş diri at satıb.
Yeniavaz.com
-un açıqlanan rəsmi məlumatlara istinadən apardığı hesablama göstərir ki, ötən ilin eyni dövrü ilə müqayisədə at ixracı cüzi azalıb.
Belə ki, 2023-ci ilin ilk 4 ayında Azərbaycan xarici ölkələrə 955 baş at satıb.
Bu il xaricə satılan bir baş atın orta gömrük dəyəri 200 dollar (340 manat) olub.
Məlumat üçün qeyd edək ki, atların böyük əksəriyyəti – 892 başı Qazaxıstana satılıb. Bundan başqa 30 at Özbəkistana, 20 at isə Türkiyəyə satılıb.
Qeyd edək ki, Azərbaycanda diri at (ətlik istiqamət üzrə) ixracına ilk dəfə olaraq 2016-cı ildə başlanıb. Həmin il 1155 baş at ixrac olunub və bunun 1120-si Qazaxıstana satılıb. 2016-cı ildə Qazaxıstana satılan bir baş atın orta gömrük dəyıri 140 dollar olub. 2017-ci ildə at ixracı 2016-cı illə müqayisədə 6,6 dəfə artaraq 7619 baş olub və bunların hamısı Qazaxıstana satılıb. Orta gömrük dəyəri isə 148 dollar olub.
2018-ci ildə at satışı azalaraq 2071-ə düşüb. Bir baş atın orta gömrük dəyəri isə 149 dollar təşkil edib.
2019-cu ildə at ixracı 461 baş, 2020-ci ildə 208 baş, 2021-ci ildə 349 baş, 2022-ci ildə 3 524 baş, 2023-cü ildə isə 2 793 baş olub.
Onu da bildirək ki, xaricə at ixracı başladıqdan sonra Azərbaycanda atların sayı sürətlə azalmağa başlayıb. Son 10 ildə atların sayı 25% azalıb. Belə ki, 2015-ci ildə ölkədə 75,4 min baş at olduğu halda, ötən il onların sayı 56,6 min başa düşüb.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top