
Valideynlərin ən böyük problemlərindən biri də uşaqlarını etibar etdikləri təhsil müəssisələrinə qarşı tələbləri ilə bağlıdır. Çünki onlar bu müəssisələrdən təkcə təhsil yox, tərbiyə də tələb edirlər. Əslində, valideynlər bu tələblərində haqlıdırlar. Ancaq onlar ilk tərbiyə ocağının öz ailələri olduğunu unudurlar. Digər tərəfdən, onlar təhsil müəssisələri üçün göstərdikləri həssaslığı öz ailələri üçün göstərmirlər. Halbuki, tərbiyə hamiləlik dövrü ilə başlayır, doğumdan sonra daha da sürətlənir, 3 yaşından sonra isə ən çətin mərhələsinə qədəm qoyur.
Ancaq təəssüf ki, bəzi valideynlər bu yaşda da uşaqlarının uşaq olduğunu düşünür, tərbiyə məsələsini ikinci plana keçirməyə çalışırlar. Nəticədə isə, haradasa, bərpası mümkün olmayan səhvlərə yol verirlər. Bu isə özünü təkcə uşağın psixoloji inkişafında yox, fiziki inkişafında da göstərir.
Buna görə də, uşaqlarınızı (hətta müəyyən mənada şagirdlərinizi) yetişdirərkən həssas davranmalı, hər hansı problemə qarşı gəlişigözəl reaksiya göstərməməli, lazım gəldikdə bir mütəxəssisdən məsləhət almalısınız. Üstəlik, ailə adlandırdığımız bu ocaqda uşaqla planlı şəkildə ünsiyyət quraraq, həm şəxsiyyətinin formalaşmasına kömək edə, həm də qabiliyyətlərinin üzə çıxmasına imkan verə bilərsiniz.
Aygün Vəliyeva