
Üçqat dünya çempionu braziliyalı hücumçu Pelenin anası Selesta Arantis 101 yaşında vəfat edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Globo” portalı məlumat yayıb.
Məlumata görə, Arantis bu cümə günü Santos şəhərində dünyasını dəyişib.
O, bir həftədən çox xəstəxanada olub. Onun ölüm səbəbi ilə bağlı məlumat verilməyib.
Arantisin ölümü ilə bağlı rəsmi açıqlama Pelenin karyerasının böyük hissəsini keçirdiyi “Santos” futbol klubu tərəfindən verilib.
“Bu, 101 illik ruhlandırıcı həyat hekayəsi idi. Ailəsi naminə həyatda sonsuz çətinliklərlə üzləşən qaradərili qadının hekayəsi. Rahat yat, Kraliça. Santosluların sevgisi, heyranlığı və minnətdarlığı əbədidir”, - deyə klubun açıqlamasında bildirilib.
Qeyd edək ki, Pele (əsl adı Edson Arantis du Nasimentudur) 29 dekabr 2022-ci ildə 82 yaşında vəfat edib. O, üç dəfə (1958, 1962, 1970) Dünya Kubokunu qazanan yeganə oyunçudur. Pele idman mediasına görə dəfələrlə 20-ci əsrin ən yaxşı futbolçusu kimi tanınıb və əsrin müxtəlif simvolik komandalarına daxil edilib.
