İtaliya səfiri Kanadanın verdiyi qərara görə İran XİN-ə çağırıldı


İranda Kanadanın maraqlarını təmsil edən İtaliyanın Tehrandakı səfiri İran Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb və Ottavanın İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH - İran silahlı qüvvələrinin elit bölmələri) terror təşkilatları siyahısına daxil etməsi ilə bağlı Tehranın kəskin etirazı bildirilib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə İranın İRNA agentliyi məlumat yayıb.
Məlumata görə, italyan diplomatla söhbəti İran Xarici İşlər Nazirliyinin Şimali Amerika Departamentinin direktoru aparıb. O, səfirə Kanadanın hərəkətlərinin qanunsuz və beynəlxalq hüquqa zidd olduğunu bildirib və İran XİN-in Tehranın lazımi cavab tədbirləri görmək hüququnu xatırladıb.
İyunun 20-də İran XİN-in rəsmi nümayəndəsi Nəsir Kənani Kanadanın qərarını İranın suverenliyinə hücum adlandırıb.
Eyni zamanda, Kənaninin fikrincə, bu, SEPAH-ın regionda gücünün artmasına heç bir şəkildə təsir etməyəcək.
Qeyd edək ki, Kanada 2012-ci ildə Tehranın nüvə proqramı ilə bağlı beynəlxalq qətnamələrə əməl etməməsi və İran rəhbərliyinin Bəşər Əsədin başçılıq etdiyi Suriya hökumətini dəstəkləməsi ilə əlaqədar İranla diplomatik əlaqələri kəsib. 19 iyun 2024-cü ildə Ottava xarici siyasət mülahizələrinə əsaslanaraq SEPAH-ı terror təşkilatı elan edib.
CBC telekanalının məlumatına görə, bu, 2020-ci ildə Tehrandan havaya qalxdıqdan sonra qəzaya uğrayan Ukrayna Beynəlxalq Hava Yollarına məxsus təyyarədə həlak olanların nümayəndələrinin Kanadaya təzyiqi ilə bağlıdır.
Xatırladaq ki, SEPAH Kanada ilə yanaşı ABŞ-də də qadağan edilmiş təşkilat elan olunub.

DİGƏR XƏBƏRLƏR

Top