
Kanada Aleksey Navalnının ölümü ilə bağlı Rusiyanın 13 hüquq-mühafizə orqanı əməkdaşına sanksiya tətbiq edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Kanada Xarici İşlər Nazirliyinin saytında məlumat verilib.
Məlumata görə, sanksiya siyahısına Rusiya istintaq, penitensiar xidmət və polis orqanlarının yüksək rütbəli əməkdaşları daxil edilib.
O cümlədən, Kanadanın sanksiya siyahısına daxil edilənlər arasında Moskva Federal Penitensiar Xidmətinin rəhbəri Sergey Moroz və məhkumların cəmiyyətdən təcrid edilməsi ilə bağlı olmayan cəzaların icrasının təşkili şöbəsinin müdiri, Rusiya Federal Penitensiar Xidmətinin rəhbəri Yelena Korobkova da yer alıb.
Digər tərəfdən, Kanadanın Baş naziri Castin Trüdonun mətbuat xidmətinin məlumatına görə, hökumət başçısı çərşənbə axşamı Ottavada mərhumun həyat yoldaşı Yuliya Navalnaya ilə görüşüb. Yuliya Navalnayanın ikinci görüşü Kanadanın xarici işlər naziri Melani Coli ilə olub.
Qeyd edək ki, bundan əvvəl ABŞ də Navalnının öldüyü koloniyanın əməkdaşlarına qarşı sanksiyalar tətbiq etmişdi.