
ABŞ Prezidenti Co Bayden yarım milyondan çox insanın ölkədə hüquqi status almasını asanlaşdıracaq bir sıra federal tədbirləri açıqlayıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, Bayden ABŞ-də uzun müddət yaşayan və Amerika vətəndaşları ilə evli olan immiqrantların hüquqi statusu alma prosesində dəyişikliklər edib. Bundan sonra onların və uşaqlarının leqallaşma üçün müraciət etmək üçün ABŞ-dən kənara getməsinə ehtiyac qalmayacaq. Bu, miqrantların daimi yaşayış və Amerika vətəndaşlığı əldə etmələrini asanlaşdıracaq. Onlar həmçinin müvəqqəti iş icazəsi də ala biləcəklər.
Ağ Evin mətbuat xidmətindən verilən məlumata görə, bu tədbirlər təxminən 500 min ABŞ vətəndaşının həyat yoldaşına və onların təxminən 50 min uşağına təsir edəcək.
Bundan əlavə, ABŞ Prezidenti Amerika ali təhsil müəssisələrində təhsil alan və ölkədə işləmək təklifi alanlar üçün Amerika vizalarının verilməsi prosesinin asanlaşdırıldığını açıqlayıb.
Qeyd edək ki, bu tədbir ABŞ-də miqrantların son onilliklərdə ən geniş federal müdafiəsi hesab edilir.