
İrəvan və Paris Fransanın CAESAR haubitsalarının tədarükünə dair müqavilə imzalayıblar.
Yeniavaz.com “Sputnik Ernəbistan”a istinadla xəbər verir ki, bu barədə Fransanın müdafiə naziri Sebastyan Lekornu “X” sosial şəbəkə hesabında bildirib.
Onun sözlərinə görə, bu barədə razılıq iki ölkənin müdafiə nazirləri arasında Parisdə keçirilən danışıqların yekunu üzrə əldə olunub.
“Biz Ermənistanla müdafiə sahəsində əlaqələrimizi gücləndirməkdə davam edirik. Həmkarım Suren Papikyanla səmərəli və məhsuldar söhbətim oldu. CAESAR haubitsalarının alınması üçün müqavilənin imzalanması ilə yeni mühüm mərhələyə qədəm qoyduq”, - deyə Fransa müdafiə naziri qeyd edib.
Qeyd edək ki. CAESAR haubitsası zirehli kabinli “Renault Sherpa 10” yük maşını şassisinə quraşdırılmış 155 mm-lik özüyeriyən silahdır.