Mbappe ən azı bir oyunu buraxacaq – Yenilənib


Fransa yığmasının hücumçusu Kilian Mbappe futbol üzrə Avropa çempionatının qrup mərhələsinin ilk matçında avstriyalı futbolçu ilə toqquşaraq burnunu sındırsa da, onun əməliyyat olunmayacağı məlum olub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə jurnalist Fabritsio Romano “X” sosial şəbəkə hesabında məlumat yayıb.
“Mbappe ilkin göstərişlərə baxmayaraq əməliyyat olunmayacaq və qarşıdakı iki oyunda zədə ilə bağlı qərar qəbul ediləcək”, - deyə jurnalist qeyd edib.
Romano futbolçu üçün xüsusi maska hazırlanması ehtimalını da istisna etməyib.
“RMC Sport” telekanalı isə xəbər verib ki, məşqçilər korpusu futbolçunun səhhətini riskə atmayacaq və qrup mərhələsinin 2-ci turunda Hollandiya ilə oyunda onu sahəyə buraxmayacaq. Çox güman ki, o, 3-cü turun polyaklarla görüşündə meydana çıxacaq. Polşa yığması ilə oyun iyunun 25-də baş tutacaq.
Telekanalın məlumatına görə, Mbappe üçün oyun zamanı əsas problem burun boşluğunda şişlik olacaq və bu, onun nəfəs almasını çətinləşdirəcək. Ancaq problem 10 gün ərzində aradan qalxacaq.

10:49
Fransa millisinin hücumçusu Kilian Mbappe futbol üzrə Avropa çempionatının qrup mərhələsinin avstriyalılarla ilk tur matçında (1:0) burnunu sındırıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Fransanın “L'Equipe” qəzeti məlumat yayıb.
Məlumata görə, Mbappe matçın son dəqiqələrində rəqib futbolçu ilə toqquşub. Toqquşma nəticəsində fransalı hücumçu burnundan zədə alıb. İlk yardımdan sonra futbolçu meydana qayıda bilməyib.
Qəzetin məlumatına görə, Mbappe əməliyyat olunacaq və əməliyyat yaxın tarixdə həyata keçiriləcək.
Qeyd edək ki, Mbappenin 25 yaşı var. İyunun 3-də o, Fransanın PSJ klubundan İspaniyanın “Real Madrid” klubuna keçib.
PSJ-nin tərkibində futbolçu beş dəfə Fransa çempionu, üç dəfə ölkə kuboku və superkubokunun qalibi olub, iki dəfə Liqa Kubokunu qazanıb. O, həmçinin Fransa yığması ilə birlikdə dünya çempionatının qalibi (2018) və gümüş mükafatçısı (2022) olub.
Xatırladaq ki, Avropa çempionatının növbəti oyununda Fransa yığması iyunun 21-də Hollandiya ilə qarşılaşacaq.

DİGƏR XƏBƏRLƏR

Top