
“Klivlend” Klinikasının tədqiqatçıları şəkər spirtinin tərkib hissəsi olan ksilitolun yüksək səviyyələrinin infarkt və insult kimi ürək-damar hadisələri riskinin artması ilə əlaqəli olduğunu müəyyən ediblər.
Yeniavaz.com xəbər verir ki, bunu tədqiqatçı, cərrah Stenli Hazenin rəhbərlik etdiyi bir qrup elm adamı xəstələrin geniş miqyaslı təhlili, preklinik model tədqiqatları və klinik müdaxilələrlə təsdiqləyiblər.
Nəticələr “European Heart Journal”da dərc olunub.
Qeyd edək ki, ksilitol şəkərsiz konfet, saqqız, peçenye və diş pastası kimi ağızdan qəbul edilən məhsullarda istifadə edilən ümumi şəkər əvəzedicisidir. Son onillikdə sağlam alternativ kimi təbliğ edilən emal olunmuş qidalarda şəkər əvəzedicilərinin, o cümlədən şəkər spirtlərinin və süni dadlandırıcıların istifadəsi xeyli artıb.
Bildirilir ki, ötən il eyni tədqiqat qrupu eritrit və ürək-damar xəstəlikləri riski arasında oxşar əlaqə tapıb. Ksilitol ABŞ-də keto və ya şəkərsiz qidalarda eritritol qədər geniş yayılmayıb, lakin digər ölkələrdə geniş istifadə olunur.
ABŞ və Avropada 3000-dən çox xəstənin məlumatlarının təhlilinə əsaslanan bu yeni araşdırmada tədqiqatçılar ürək-damar xəstəliklərinin ağırlaşmaları riskinin artmasının qanda olan yüksək səviyyəli ksilitol ilə əlaqəli olduğunu aşkar ediblər.
Qeyd olunur ki, ən yüksək plazma ksilitol səviyyəsinə malik xəstələrin üçdə birində ürək-damar ağırlaşmalarının inkişaf ehtimalı daha yüksək olub. Əldə edilən nəticələri təsdiqləmək üçün tədqiqat qrupu preklinik testlər keçirib və ksilitolun trombositlərin laxtalanmasına səbəb olduğunu və tromboz riskini artırdığını müəyyən ediblər.
Tədqiqatçılar, həmçinin, qlükoza içkiləri içənlərlə müqayisədə ksilitollu içkilər içən insanlarda trombositlərin fəaliyyətini izləyiblər və laxtalanma qabiliyyətinin hər bir ölçüsünün ksilitol qəbulundan dərhal sonra əhəmiyyətli dərəcədə artdığını, lakin qlükozadan sonra belə hal baş vermədiyini aşkar ediblər. Məqalənin müəllifləri qeyd edirlər ki, ksilitolun ürək-damar xəstəliklərində uzunmüddətli təhlükəsizliyini qiymətləndirmək üçün əlavə tədqiqatlara ehtiyac var.