“Bununla da Ermənistan Rusiyanın əsəbləri ilə daha artıq oynamağa hazır olmadığını göstərdi”


Ukrayna ilə bağlı İsveçrədə keçirilən Sülh Zirvəsi yekunlaşdı.

Tədbir ərəfəsində Moskvanın Qərb xaricindəki ölkələrin iştirakını əngəlləməyə yönəlmiş aktiv diplomatiyasına baxmayaraq, konfransda 101 dövlət və beynəlxalq təşkilatın yüksək səviyyəli təmsilçiləri iştirak etdi. Çinin imtinasını isə Rusiya diplomatiyasının uğuru kimi qeyd etmək olar.
Sual yaranır ki, hazırkı mərhələdə tərəflər sülhdən, hətta ikitərəfli dialoq üçün masaya oturmaqdan çox uzaq olduqları halda, üstəlik, dünyadakı münaqişələrin həllində sülh proseslərinin nəticəsizliyi bəlli ikən bu tədbirin əhəmiyyəti nədən ibarətdir və niyə Ukrayna ilə Qərb onun baş tutması, Rusiya isə əksinə, mümkün qədər zəif alınması üçün əlindən gələni etdi?
Məsələ burasındadır ki, əgər problemin həlli prinsipləri və yolları ilə bağlı beynəlxalq (Qərb dünyası + Qlobal Cənub) konsensus, vahid yanaşma formalaşarsa, müharibə tərəflərinin bunu rədd etməsi çox çətin olacaq. Rədd edən tərəf təklənmə və izolyasiya riski ilə üzləşəcək. Bu səbəbdən Rusiya həll prosesinin Ukrayna ilə bərabərhüquqlu tərəf qismində çıxış edəcəyi bu tip sülh konfransları müstəvisinə çıxarılmasında maraqlı deyil, çünki bu cür müstəvilərdə hər nə qədər iki tərəfdən də güzəştlər tələb olunsa da, baza kimi beynəlxalq hüququn normalarına müraciət edilir. Beynəlxalq hüquq isə açıq və birmənalı şəkildə işğala məruz qalanın maraqlarına cavab verir. Məsələn, Çin Rusiyaya siyasi və qismən iqisadi-texnoloji dəstək versə belə, ərazi bütövlüyü prinsipi onun üçün də prioritetdir, çünki Pekin başqasının ərazi bütövüyünü şübhə altına alarsa, başqalarının da “Vahid Çin”i şübhə altına almasının yolunu açmış olar. 
Bu baxımdan sanki xüsusi əhəmiyyəti olmayan bir toplantı kimi görünən İsveçrə Sülh Zirvəsi əslində vacib yığıncaq idi. Həm iştirak səviyyəsini, həm də qəbul olunan yekun Kommünikeni qismən də olsa, Ukraynanın uğuru kimi qiymətləndirmək olar. Xüsusən Kommünikedə əksini tapmış aşağıdakı məqamlar önəmlidir:
- Zaporojye AES Ukraynanın tam suveren nəzarəti altında işləməlidir;
- Nüvə silahının tətbiqi və tətbiq etməklə hədələmə qəbulolunmazdır;
- Qlobal ərzaq təhlükəsizliyi baxımından azad və təhlükəsiz gəmiçiliyin, Qara və Azov dənizlərindəki limanlara çıxışın təmin olunması böyük əhəmiyyət daşıyır;
- Bütün dövlətlərin ərazi bütövlüyünə və suverenliyinə hörmət prinsipini də ehtiva edən BMT Nizamnaməsi Ukraynada hərtərəfli, ədalətli və dayanıqlı sülhün əldə olunması üçün təməl təşkil edə bilər və edəcək.
Yekun Kommünikeyə 84 dövlət və beynəlxalq təşkilat imza atıb. Müharibə ilə bağlı neytral mövqe tutan Hindistan, BƏƏ, Səudiyyə Ərəbistanı, Braziliya, CAR, Meksika kimi ölkələr sənədi imzalamayıb.
İmza atanlar arasında Rusiyanın yaxın tərəfdaşı Serbiyanın olması diqqəti cəlb edir.
Ukrayna məsələsində Qərbdən bir qədər fərqli mövqe tutsa da, Türkiyənin həlledici məqamlarda özünü NATO-dan ayırmayacağı gözlənilən davranışdır.
Ermənistan toplantıya qatılsa da, yekun sənədə imza atmayaraq bu mərhələdə Rusiyanın əsəbləri ilə daha artıq oynamağa hazır olmadığını göstərdi.
Azərbaycan iştirakdan imtina edərək Rusiya ilə müttəfiqliyə sadiqliyini ortaya qoydu. (Müttəfiqlik Qarşılıqlı Fəaliyyətinə dair Bəyannamənin 4-cü maddəsi: “Rusiya Federasiyası və Azərbaycan Respublikası aktual beynəlxalq problemlər üzrə eyni və ya yaxın mövqelər tutmaqla ... qarşılıqlı fəaliyyət göstərirlər”.)
Yeri və vaxtı hələ məlum olmayan növbəti zirvəyə Rusiya da dəvət olunacaq.
Sonda qeyd etməyə ehtiyac var ki, istənilən halda Ukrayna və onun dəstəkçiləri hərbi uğur faktorunun əhəmiyyətini unutmamalıdır. Tam ədalətli və beynəlxalq hüquqa tam uyğun sülhü məhz hərbi uğur şərtləndirə bilər. General Makarturun yaxşı sözü var: qələbəni heç nə əvəz edə bilməz.

Şahin Cəfərli

DİGƏR XƏBƏRLƏR

Top