Qurban düsturu: Sevilmək istəyən sevsin, sevinmək istəyən sevindirsin!


Allahın (c.c.) verdiyindən Onun rizası üçün Allahın bəndəsinə vermək əslində özünə dəyər qazandırmaqdır. Çünki sən Allahın bəndəsini Allah üçün sevsən, Allah da səni sevər; sən Allahın bəndəsini Allah üçün sevindirsən, Allah da səni sevindirər. Hər kəs uğrunda canını verməyə hazır olduğunun qurbanıdır. Başqa sözlə, qurban vermək qurban olmaqdır.
Allah (c.c.) Qurani-Kərimdə “Rəbbin üçün namaz qıl və qurban kəs!” (108/2) buyurmaqdadır. Ona görə də, qurban kəsmək Allahın əmrini yerinə yetirməkdir. Qurani-Kərim buyurur ki, kəsilən qurbanın nə əti, nə də qanı Allaha çatar. Yəni, Allahın o qurbana ehtiyacı yoxdur, Allah insanın niyyətinə dəyər verər.
Kəsilən qurbanın qanı bilmədiyimiz neçə bəlanın qarşısına sipər olar.
Qurban bəndənin Allaha hər şeyi ilə, ağlı ilə, düşüncəsi ilə, ruhu ilə, istəyi ilə, niyyəti ilə, varlığı ilə yaxınlaşmasıdır və həmişə qurban düşüncəsi içində qalmasıdır. Müsəlman bir heyvanı qurban kəsməklə əslində özü qurban olur. Heyvan vasitədir, qurban olan, yəni Allaha yaxınlaşan qurban kəsənin özüdür.
“Qurban” sözünün mənası da yaxınlaşmaq deməkdir, yəni bəndənin Allaha yaxınlaşması. Qurani-Kərim onu da bildirir ki, Allah öz bəndələrinə onların boynunun şah damarından da yaxındır. Amma Allahın bizə yaxın olması hələ bizim Allahımıza yaxın olmağımız demək deyil. Qurban da məhz o yaxınlaşma deməkdir.
Allah üçün qurban vermək insanlığın fitrətində olan ibadətdir. İlk insandan üzü bəri bütün İlahi dinlərdə Allah üçün qurban vermək var. Həzrəti Adəmə (ə.s.) də, sonradan göndərilən Haqq Peyğəmbərlərə də qurban vermək əmr olunub.
Qurban - insanı dünyanın cazibəsindən qurtaran ibadətdir. Qurban şüuru - malın, mülkün Allaha məxsus olduğunu öz ruhunda təsdiq etmək və Allahın verdiyindən Onun rizasına nail olmaq üçün ehtiyac sahibi olan bəndələrinə verməkdir.
Allah üçün qurban vermək mənəvi baxımdan çox böyük həqiqəti ifadə edir. Yəni, sən həm qəbul, həm də təsdiq edirsən ki, sənin də, əlindəki malın-mülkün də həqiqi sahibi Allahdır.
Rəsulullah (s.ə.s.) buyurur ki, qulun namazı da, orucu da, duası da Allaha təqdim etdiyi qurbandır. Könlünü açmaq üçün birinə təbəssüm etmək də qurbandır, ayağa qaldırmaq üçün birinin əlindən tutmaq da qurbandır, qəlbinə su səpmək üçün birinə ürək-dirək vermək də qurbandır. Sədəqə də qurbandır, sevgi də qurbandır, səmimiyyət də qurbandır...
Mərhəməti Sonsuz olan Allah öz bəndəsinin üzünə nə qədər qapılar açır. Açır ki, yaxınlaşmaq niyyəti olan bəndə o qapıların birindən keçib Rəbbinə yaxınlaşsın.
Allah bizə qurban şüuru nəsib etsin. Qurban Bayramınız mübarək olsun!..

Murad Məmmədov

DİGƏR XƏBƏRLƏR

Top