
“Tesla” elektrik avtomobili fabriklərində minlərlə insanabənzər “Optimus” robotu işləyəcək.
Yeniavaz.com xəbər verir ki, bunu “Tesla”nın rəhbəri İlon Mask Ostində (Texas ştatı) keçirilən səhmdarların illik yığıncağında deyib.
“Gələn il “Tesla”da mindən, bəlkə də bir neçə mindən çox “Optimus” robotunun işləyəcəyini proqnozlaşdırıram”, - Mask deyib.
Mask qeyd edib ki, insanabənzər robotların muxtariyyət səviyyəsini tezliklə əhəmiyyətli dərəcədə artırmaq mümkün olacaq. Onlara şifahi tapşırıq vermək və ya hansısa hərəkəti göstərmək, həmçinin onlardan bunu tələb etmək kifayət edəcək.
Mask istisna etməyib ki, “Optimus” robotlarının gələcək nəsilləri də insanlar kimi videolara baxaraq yeni bacarıqlar əldə edə biləcəklər.
Qeyd edək ki, Mask robot yaratmaq ideyasını 2021-ci ilin avqustunda açıqlamışdı. O zaman təqdim edilən layihəyə görə, Mask “Optimus”un insan boyunda olacağını, 20 kq-a yaxın çəki qaldıra biləcəyini və insana gündəlik işlərində köməklik göstərəcəyini bildirmişdi.
Xatırlafaq ki, 2022-ci ilin oktyabrında “Tesla”nın rəhbəri “Optimus” insanabənzər robotunun prototipini təqdim edib. Daha sonra robot səhnəyə çıxaraq zalda olanlara əl yelləyib, Mask ”Optimus”un çiçəkləri suladığı videonu da nümayiş etdirib.
Tətbiqimizi yükləyə bilərsiniz