
Rusiya İrəvanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ilə bağlı mövqeyini aydınlaşdıracaq və bunun üçün Ermənistanla işi davam etdirəcək.
Yeniavaz.com xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Peskov, həmçinin ölkələr arasında münasibətlərin tərəfdaşlıq və müttəfiqlik xətti ilə davam edəcəyinə ümidvar olduğunu bildirib.
“Ermənistana gəlincə, biz erməni dostlarımızla işi davam etdirəcəyik, onların mövqeyini aydınlaşdıracağıq, təbii ki, ümid edirik ki, istənilən halda tərəfdaşlıq və müttəfiqlik münasibətlərinə sadiq qalacağıq”, - deyə Peskov qeyd edib.
“Hər bir ölkə öz prioritetlərini müəyyənləşdirir, bizim prioritetlərimiz də aydındır, biz onları ardıcıl müdafiə edirik və həmçinin təhlükəsizlik, kollektiv təhlükəsizlik sahəsində bu prioritetləri KTMT-yə üzv olan ölkələr bizimlə bölüşürlər”, - Rusiya Prezidentinin mətbuat katibi qeyd edib.
Kreml nümayəndəsi həmçinin əlavə edib ki, yəqin ki, Ermənistan da bunda maraqlıdır.
Qeyd edək ki, bu gün Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdəki çıxışında İrəvanın KTMT ilə münasibətləri dondurduqdan sonra növbəti addımın bu təşkilatdan çıxmaq olacağını deyib. O, bununla bağlı qərarı hökumətin verəcəyini bildirib.