Son 10 ildə Fernandu Santuşun aylıq maaşı ən az 276 min manat olub


AFFA Azərbaycan milli komandasının yeni baş məşqçisi Fernandu Santuşla “3+1” illik müqavilə imzalayıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə məlumat verən AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev Fernandu Santuşa veriləcək maaşın məbləğini açıqlamayıb.
AFFA rəsmisi deyib ki, təzminat və maddi məsələləri açıqlaya bilmərik.
Məlumat üçün bildirək ki, millimizin yeni baş məşqçisi Fernandu Santuşun sonuncu iş yeri Türkiyənin “Beşiktaş” komandası olub. Fernandu Santuş bu ilin 7 yanvar – 14 aprel tarixlərində “Beşiktaş”ın baş məşqçisi olub. Türkiyə klubu uğursuzluqla əlaqədar olaraq baş məşqçinin müqaviləsinə vaxtından əvvəl xitam verib və buna görə təzminat ödəyib.
Qeyd edək ki, Fernandu Santuş “Beşiktaş”da məşqçi olduğu 97 gün üçün 865 min 487 avro (1,6 milyon manat) maaş alıb. Baş məşqçinin bir günlük əmək haqqı 8 min 922 avro (16,4 min manat) olub.
Müqaviləyə vaxtından əvvəl xitam verildiyi üçün “Beşiktaş” Fernandu Santuşa 500 min avro (920 min manat) təzminat da ödəyib.
Onu da bildirək ki, Fernandu Santuş “Beşiktaş” klubundan əvvəl – 2014-2023-cü illərdə Polşa və Portuqaliya milli komandalarının baş məşqçisi olub. Baş məşqçisi olduğu ölkələrin yerli mətbuatının məlumatlarından belə görünür ki, Fernandu Santuşun Polşa milli komandasında aylıq maaşı 150 min avro (276 min manat), Portuqaliya milli komandasında isə aylıq maaşı 202 min dollar (343 min manat) olub.

Murad Məmmədov

DİGƏR XƏBƏRLƏR

Top