
Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, Aleksandr Lukaşenko bu ölkənin lideri olduğu müddətdə heç vaxt Belarusa səfər etməyəcək.
Yeniavaz.com “Sputnik Ermənistan”a istinadla xəbər verir ki, Paşinyan bu barədə parlamentdə danışıb.
“KTMT üzvlərindən biri (Belarus nəzərdə tutulur) 44 günlük müharibənin (Vətən müharibəsi – red.) hazırlanmasında iştirak etdiyini, Azərbaycanın qələbəsini ruhlandırdığını, inandığını və arzuladığını bildirir. Və bundan sonra Belarus prezidenti ilə KTMT formatında bəzi məsələləri müzakirə etməliyəmmi?” – Paşinyan bildirib.
O qeyd edib ki, MDB və Aİİ çərçivəsində müəyyən mənada Belarusla əməkdaşlığa məcbur olacaq:
“Ancaq bəyan etmək istəyirəm ki, Aleksandr Lukaşenko orada prezident olduğu müddətdə bir daha Belarusa səfər etməyəcəyəm. Həmçinin, bundan sonra Ermənistanın heç bir rəsmi nümayəndəsi Belarusa səfər etməyəcək. Heç kim!”
O qeyd edib ki, KTMT daxilində münasibətlərdə, məsələn, Belarusun özü KTMT-dən çıxmaq qərarına gələrsə və ya Lukaşenko erməni xalqı üçün məqbul olacaq üzrxahlıq sözlərini desə, nəzəri cəhətdən dəyişiklikləri istisna etmək olmaz.