
Moskva birjası (MOEX) birjanın ABŞ-də sanksiya siyahısına salınması ilə əlaqədar bu gündən ABŞ dolları və avro ilə ticarəti dayandırdığını elan edib.
Yeniavaz.com TASS-a istinadla xəbər verir ki, bu barədə ticarət platforması öz saytında məlumat yayıb.
Moskva birjasından bildirilib ki, digər alətlər üzrə valyuta və qiymətli metallar bazarında ticarət adi qaydada həyata keçiriləcək.
Eyni şey fond və pul bazarlarında, eləcə də standartlaşdırılmış törəmə maliyyə alətləri bazarında baş verəcək.
Platforma rəhbərliyi əmin edib ki, o, fasiləsiz ticarəti təmin etmək üçün bütün lazımi alətlərə malikdir və müştərilərə ticarət platformasının bütün seqmentlərinə çıxışı davam etdirəcək.
Qeyd edək ki, çərşənbə günü ABŞ Maliyyə Nazirliyi Moskva birjasına qarşı sanksiyalar tətbiq edib. Milli Hesablaşma Depozitarı (NSD) və Milli Klirinq Mərkəzi (NCC) (Moskva Birjası qrupunun bir hissəsi) də sanksiyalar siyahısına daxildir.
Xatırladaq ki, Moskva birjasının əsas vəzifəsi maliyyə bazarı infrastrukturunun fəaliyyətini və onun iştirakçıları tərəfindən aparılan əməliyyatların etibarlılığını təmin etməkdir.