
NATO müdafiə nazirləri Brüsseldə keçiriləcək iki günlük iclasda Ukraynanı ildə 40 milyard dollarlıq silahla təmin etmək planını ilkin variantda təsdiq edəcəklər.
Yeniavaz.com xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq iclasdan əvvəl keçirilən mətbuat konfransında bildirib.
Baş katib tədarüklərin alyans tərəfindən koordinasiya ediləcəyini və Macarıstan istisna olmaqla, bütün NATO üzvləri üçün məcburi olacağını əlavə edib.
Plan, nəhayət, 9-11 iyul tarixlərində alyansın Vaşinqtonda keçiriləcək sammitində NATO liderləri tərəfindən təsdiqlənəcək.
Müdafiə nazirləri sammitə qədər bütün alyansın gündəliyini də nəzərdən keçirəcəklər. Nəzərdən keçiriləcək məsələlər arasında əsas yeri Ukraynadakı vəziyyət tutacaq. Bundan başqa, Rusiyaya müqavimət üçün NATO-nun hərbi planları da müzakirə olunacaq. Digər tərəfdən, NATO-nun müdafiə nazirlərinin iclası çərçivəsində Ukrayna-NATO Şurasının və alyansın nüvə planlaşdırma qruplarının iclası keçiriləcək.