HƏMAS girovlarla bağlı razılığa gəlmək üçün daimi atəşkəs istəyir – KİV


Girovların azad edilməsi ilə bağlı sazişin bağlanmasına əsas maneə Fələstinin HƏMAS hərəkatının tam və daimi atəşkəs tələbidir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Times of Israel” qəzeti mənbələrə istinadən məlumat yayıb.
Nəşrin həmsöhbətlərindən ikisi qeyd edib ki, HƏMAS İsrail hakimiyyətindən atəşkəs zəmanəti verməsini tələb edir.
Bildirilir ki, İsrail tərəfi isə təklif olunan sazişin birinci mərhələsində cəmi altı həftəlik atəşkəs təklif edib. Bu müddət ərzində İsrail və Həmas daimi atəşkəsin daxil olacağı ikinci mərhələnin şərtlərini razılaşdırmalıdırlar.
“İsrailin təklifi danışıqları davam etdirmək üçün altı həftəlik atəşkəsin uzadılmasını mümkün etsə də, HƏMAS qorxur ki, müvəqqəti məhdudiyyət İsrail tərəfinə hərbi əməliyyatları bərpa etmək və razılaşmanı pozmaq üçün bəhanə tapmağa imkan verəcək”, - qəzet yazır.
Mayın 31-də ABŞ prezidenti Co Bayden Qəzzada üç mərhələdən ibarət olan sülh nizamlanmasına dair yeni saziş layihəsinin şərtlərini açıqlayıb. Birincisi altı həftə üçün nəzərdə tutulub və tam atəşkəs, İsrail qoşunlarının məskunlaşdıqları ərazilərdən çıxarılması, yüzlərlə fələstinli məhbusun İsrail həbsxanalarından azad edilməsi müqabilində HƏMAS hərəkatının saxladığı girovların azad edilməsini nəzərdə tutur. Həmçinin bu müddət ərzində tərəflər danışıqlara başlamalıdır və atəşkəs qarşılıqlı anlaşma əldə olunana qədər qüvvədə qalır. İkinci mərhələ bütün girovların, o cümlədən hərbi əsirlərin azad edilməsini nəzərdə tutur. Üçüncü mərhələ Qəzza zolağının bərpası və ölən israillilərin qalıqlarının yaxınlarına təhvil verilməsidir.
İyunun 11-də HƏMAS və “İslami Cihad” qruplaşması təşəbbüsə cavabın Qətər və Misirdən olan vasitəçilərə ötürüldüyünü elan edib və anklavda müharibəyə son qoymaq üçün razılıq əldə etmək üçün müsbət addımlar atmağa hazır olduqlarını bildiriblər. ABŞ, Misir və Qətər cavabı aldığını təsdiqləyib və Qəzzada münaqişə tərəfləri arasında razılaşma əldə olunana qədər vasitəçilik səylərini davam etdirəcəklərini vəd ediblər.

DİGƏR XƏBƏRLƏR

Top