
ABŞ bu həftə Rusiyaya qarşı bir sıra həssas yeni sanksiyalar və ixraca nəzarət tədbirləri elan edəcək.
Yeniavaz.com xəbər verir ki, bu barədə Ağ Evin strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi jurnalistlər üçün onlayn brifinqdə məlumat verib.
“Biz Rusiya hərbi maşını üçün xərcləri artırmağa davam edəcəyik və bu həftə təsirli yeni sanksiyalar və ixrac nəzarəti paketini elan edəcəyik”, - Kirbi bildirib.
Onun sözlərinə görə, bu tədbirlər G7 ölkələrinin liderlərinin üzərinə götürdüyü bir sıra öhdəliklər çərçivəsində həyata keçiriləcək.
Kirbi bildirib ki, Rusiyaya qarşı yeni sanksiyalar və ixrac nəzarəti Moskvaya xarici məhsullar almağa kömək etdiyi iddia edilən təşkilatlara və şəbəkələrə təsir edəcək.
Xüsusilə, bu sanksiyalar maliyyə vasitəçilərinin Rusiya hərbi-sənaye bazasını dəstəkləməsini çətinləşdirəcək və bu, Rusiya iqtisadiyyatının əsas sektorlarındakı gəlirləri daha da məhdudlaşdıracaq.
Kirbi gələcək məhdudiyyətlərlə bağlı əlavə təfərrüat verməkdən imtina edib.