
Belçikanın Baş naziri Aleksander De Kroonun rəhbərlik etdiyi Belçika hökuməti dünən parlament seçkilərində onun rəhbəri olduğu “Open VLD” partiyasının ağır məğlubiyyətindən sonra istefa vermək qərarına gəlib.
Yeniavaz.com xəbər verir ki, baş nazir bu barədə “X” sosial şəbəkə hesabında məlumat verib.
O, Belçika kralı Filipin hökumətinin istefasını qəbul etdiyini də təsdiqləyib.
“Kral istefamı qəbul etdi. Hökumət gündəlik işləri idarə edəcək və yeni komandaya keçidi hazırlayacaq. Seçicilərimizə və fəallarımıza ürəkdən təşəkkür edirəm. Seçkilərin nəticələri məyusedicidir və buna görə məsuliyyəti öz üzərimə götürürəm”, - baş nazir bildirib.
Qeyd edək ki, Belçikada hakim koalisiyanın yaradılması prosesi aylarla davam etdiyi üçün De Kroo uzun müddət kabinetin başında qalacaq. Bu müddət ərzində istefaya göndərilən kabinet öz funksiyalarını “cari işlər” rejimində yerinə yetirməkdə davam edəcək.
Xatırladaq ki, “Open VLD” partiyası seçkilərdə 7 faizdən az səs toplayaraq ifrat solçulardan böyük faizlə geri qalıb.