
İyunun 9-dan 10-na keçən gecə Şimali Koreya Cənubi Koreya ərazisinə tullantılarla doldurulmuş 310-a yaxın hava şarı buraxıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Yonhap” agentliyi Koreya Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah Rəisləri Komitəsinə istinadla məlumat yayıb.
“Hazırda havada heç bir şar yoxdur. Şarlar kağız və polietilen torbalara doldurulmuş tullantlarla yüklənib. Hələlik, analizlərə əsasən, heç bir təhlükəli maddə aşkar edilməyib”, - Cənubi Koreya hərbçiləri bildirib.
KXDR liderinin bacısı Kim Yo Çenq daha əvvəl deyib ki, iyunun 8-dən 9-na keçən gecə KXDR 1400 şardan istifadə edərək sərhəddən Cənubi Koreyaya 7,5 ton tullantı göndərib.
O, Seuldakı rəsmilərə təhlükəli addımlardan imtina etməyi və vərəqələr göndərməyi dayandırmağı tövsiyə edib. Onun sözlərinə görə, əks halda, tullantı toplamaq kabusu onlar üçün gündəlik həyatın bir hissəsi olacaq.
Qeyd edək ki, Cənubi Koreya Şimali Koreyanın hava şarları ilə zibil göndərməsindən sonra 2018-ci ildə imzalanmış Koreyalararası hərbi deeskalasiya sazişini tam dayandırıb və iki ölkə arasındakı hərbi demarkasiya xətti yaxınlığında hərbi fəaliyyətləri bərpa etməyi qərara alıb. Bundan başqa, Cənubi Koreyaya sığınmış şimallılar sərhəd zonasında səsgücləndiricilər vasitəsilə Şimali Koreya əleyhinə təbliğatı bərpa edib.