
“Bürgenstokda Ukrayna üzrə sammitdə iştirak etmək üçün 90 dövlət qeydiyyatdan keçib”.
Yeniavaz.com xəbər verir ki, bunu İsveçrə Prezidenti Viola Amherd deyib.
“Bu gün 90 ölkə qeydiyyatdan keçib ki, onların yarısı Avropa və Şimali Amerikadan, digər yarısı Cənubi Amerika, Afrika, Yaxın Şərq və Asiyadandır”, - Amherd qeyd edib.
Onun sözlərinə görə, elan edilmiş ölkələrin təxminən yarısı ən yüksək - dövlət və hökumət başçıları səviyyəsində, digər yarısı isə nazirlər və digər nümayəndələr səviyyəsində təmsil olunacaq.
Prezident bildirib ki, Bürgenstokda təmsil olunacaq beynəlxalq təşkilatlar arasında, xüsusən də BMT var.
İştirakçıların tam siyahısının iyunun 14-ü axşam saatlarında açıqlanması planlaşdırılır.
Qeyd edək ki, İsveçrə hakimiyyəti iyunun 15-16-da Bürgenstok kurortunda Ukrayna ilə bağlı sülh sammiti keçirəcək.
Sammitə 160-dan çox nümayəndə heyəti, o cümlədən Yeddilik Qrupu, İyirmilik Qrupu və BRICS ölkələri dəvət edilib.
İsveçrə hakimiyyətinin məlumatına görə, Rusiya Federasiyası bu görüşə dəvət olunanlar arasında yoxdur.