Rusiyada keçmiş ukraynalı merin həyatına sui-qəsd cəhdi olub – KİV


Rusiyanın Belqorod vilayətinin Starıy Oskol şəhərində Ukraynanın Kupyansk şəhərinin keçmiş meri olan Gennadi Matseqoranın həyatına sui-qəsd cəhdi edilib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi məlumat yayıb.
Rusiyanın “Mash” və “Shot” teleqram kanalları da Matseqora sui-qəsd cəhdindən yazır.
“Mash” iddia edir ki, Matseqora Starı Oskoldakı evində güllələnib və təcili olaraq Moskvada xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti ağır kimi qiymətləndirilir. Telekanalın məlumatına görə, Matseqora “Georgiyevski” idman kompleksinin direktoru vəzifəsində çalışıb.
Ukrayna kəşfiyyatı iddia edir ki, rus qoşunlarının işğalından sonra Matseqora könüllü olaraq Rusiya ilə tam əməkdaşlığa razılaşıb və 2022-ci ilin iyununda işğal altında olan Xarkov administrasiyasının yaradılması üçün qondarma protokol imzalayıb. Ukrayna Silahlı Qüvvələri Kupyanskı azad etdikdən sonra Matseqora, ruslarla birlikdə Belqorod vilayətinə qaçıb və burada ona gücləndirilmiş təhlükəsizlik təyin edilib.
2022-ci il fevralın sonunda Ukrayna Baş Prokurorluğu Matseqoranı Ukraynanın ərazi bütövlüyünə və toxunulmazlığına qəsd etməkdə, habelə dövlətə xəyanətdə ittiham edib.
Qeyd edilir ki, Matseqora Rusiyayönlü “Müxalifət Platforması – Həyat üçün” partiyasının üzvüdür. O, 2020-ci ildə Kupyanskın meri olub. 2022-ci il fevralın 28-də Kupyansk sakinlərinə müraciətində Matseqora bildirib ki, onun əsas vəzifəsi şəhərdə hərbi əməliyyatların və itkilərin qarşısını almaqdır.

DİGƏR XƏBƏRLƏR

Top