
“İsrail hərbçiləri Qəzza zolağında xüsusi əməliyyat keçirib və nəticədə 2023-cü il oktyabrın 7-dən Fələstin radikallarının girovluğunda olan 4 israilli azad edilib”.
Yeniavaz.com xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, əməliyyat anklavın mərkəzi hissəsindəki Nuseyrat fələstinli qaçqın düşərgəsi ərazisində həyata keçirilib. Nəticədə dörd nəfər azad edilib: Noa Aqramani (25 yaş), Almoq Meir (21 yaş), Şlomi Ziv (40 yaş) və Rusiya vətəndaşlığı olan Andrey Kozlov (27 yaş).
Hərbçilərin sözlərinə görə, onların hamısı 2023-cü il oktyabrın 7-də səhər saatlarında Qəzza zolağı ilə sərhəd yaxınlığında, Nova musiqi festivalının keçirildiyi ərazinin yaxınlığında qaçırılıb. Ordudan verilən məlumata görə, azad edilənlər sağlamdır və artıq İsrail ərazisindəki xəstəxanaya aparılıblar.
Açıqlamada qeyd edilir ki, əməliyyat gündüz saatlarında İsrail Müdafiə Qüvvələri, Baş Təhlükəsizlik Xidməti (əks-kəşfiyyat) və sərhəd polisi YAMAM-ın xüsusi təyinatlılarının birgə səyləri ilə həyata keçirilib.
Tətbiqimizi yükləyə bilərsiniz