
Bu gün Kosovonun paytaxtı Priştina şəhərində kişilər arasında 3x3 basketbol üzrə Avropa Kubokunun təsnifat oyunları start götürüb.
Yeniavaz.com Azərbaycan Basketbol Federasiyasına istinadla xəbər verir ki, açılış oyununda millimiz Ermənistan yığması ilə qarşılaşıb. Görüş millimizin rəqib üzərində 21-9 hesablı qələbəsi ilə yekunlaşıb.
“B” qrupunda qərarlaşmış millimiz eyni gündə daha üç matç keçirəcək. Millimizin növbəti oyunu, Bakı vaxtı ilə saat 16:10-da yerli Kosovo yığmasına qarşı olacaq. Digər görüşlər isə müvafiq olaraq Kipr və Albaniyaya qarşı olacaq.
Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi isə ilk görüşündə Malta ilə üz-üzə gələcək. Qarşılaşma Bakı vaxtı ilə saat 17:50-də başlayacaq. Yığma saat 23:20-də isə Lüksemburqla münasibətlərinə aydınlıq gətirəcək.