
Karyerasının böyük hissəsini Kataloniya “Barselona”sında keçirən Amerikanın “İnter Mayami” klubunun argentinalı hücumçusu Lionel Messi “Real Madrid”i hazırda dünyanın ən yaxşı komandası adlandırıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Infobae.com” portalı məlumat yayıb.
“Ən yaxşı komanda “Real Madrid”dir, çünki onlar Çempionlar Liqasının qalibidirlər. Nəticələrə görə baxsaq, “Real Madrid” ən yaxşısıdır. Əgər oyunun səviyyəsinə görə baxsaq, məncə, “Mançester Siti” ən yaxşısıdır”, - Messi bildirib.
Qeyd edək ki, “Real Madrid” finalda “Borussiya Dortmund”u 2:0 məğlub edərək, 2023/24 mövsümündə Çempionlar Liqasını, həmçinin, İspaniya çempionluğunu qazanıb.
Xatırladaq ki, Messi 2023-cü ilin yayında “İnter Mayami”yə keçib. Ötən il avqustun 20-də argentinalı Amerikada ilk kubokunu - Liqa Kubokunu qazanıb. Bundan əvvəl o, demək olar ki, bütün karyerasını “Barselona”da keçirib və iki mövsüm PSJ-də çıxış edib. 2022-ci ilin dekabrında isə Messi Argentina millisi ilə dünya çempionu olub. Bu, ulduz futbolçunun karyerasında ilk belə kubokdur. Messi millinin heyətində 100-dən çox qol vurub.
Tətbiqimizi yükləyə bilərsiniz