
ABŞ Dövlət Departamenti onlarla Gürcüstan vətəndaşına, o cümlədən hökumət, parlament üzvləri və onların qohumlarına qarşı viza sanksiyaları tətbiq edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə jurnalistlər üçün keçirilən brifinqdə Amerika Xarici Siyasət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller bildirib.
“Viza məhdudiyyətlərinin ilk siyahısına “Gürcü Arzusu” partiyasının üzvləri, parlament üzvləri, hüquq-mühafizə orqanlarının əməkdaşları və adi vətəndaşlar daxildir. Biz ümidliyik ki, Gürcüstan liderləri öz hərəkətlərinə yenidən baxacaqlar və ölkələrinin uzun müddətdir bəyan etdiyi demokratik və Avro-Atlantik istəklərini irəli aparmaq üçün addımlar atacaqlar, lakin bunu etməsələr, Birləşmiş Ştatlar əlavə tədbirlər görməyə hazırdır”, - diplomat bildirib.
Miller qeyd edib ki, onlar əlavə sanksiyalar tətbiq etməyə və bütün lazımi addımları atmağa hazırdır.
Xatırladaq ki, aprel ayında hakim “Gürcü Arzusu” Partiyası qanun layihəsini yenidən parlamentə təqdim edib. Gürcüstan parlamenti aprelin 17-də “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsini birinci oxunuşda, mayın 1-də ikinci oxunuşda, mayın 14-ü isə üçüncü və yekun oxunuşda qəbul edib. Layihə ilə bağlı parlament prosedurları bir ay ərzində etiraz aksiyaları ilə müşayiət olunub.