
Moskvanın Tverskoy Məhkəməsi ictimai yerdə üzərində Ukraynanın bayrağı və gerbi olan köynək geyindiyinə görə İran vətəndaşını cərimələyib.
Yeniavaz.com TASS-a istinadla xəbər verir ki, bu barədə məhkəmədəki mənbə bildirib.
Mənbənin məlumatına görə, İran vətəndaşı Hossiya Xidariyə qarşı “Rusiya ordusunun gözdən salınması” maddəsi ilə protokol tərtib edilib və bu protokola əsasən o, 50 min rubl (təqribən 950 manat) cərimələnib.
İş materiallarına görə, 30 yaşlı iranlı iyunun 4-də saxlanılıb. O, əynində qolunda Ukrayna gerbi, ön tərəfində Ukrayna bayrağı, arxa tərəfində isə ukraynalılara köməyə çağıran şüar olan “Balenciaga” köynəyi geyinib.

“Məhkəmə Rusiya İnzibati Xətalar Məcəlləsinin 20.3.3-cü maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş inzibati xəta törətdiyinə görə (Rusiya Federasiyası Silahlı Qüvvələrini gözdən salmağa yönəlmiş ictimai hərəkətlər) İran İslam Respublikasının vətəndaşı Hossiya Xidariyə qarşı 50 min rubl məbləğində inzibati cərimə tətbiq edib”, - deyə məhkəmədən bildirilib.
Xidari inzibati xəta ilə razılaşsa da, köynəkdəki təsvirlərin nə demək olduğunu bilmədiyini deyib.
Qərar hələ qüvvəyə minməyib və ondan apellyasiya şikayəti verilə bilər.