Moldovanın keçmiş Baş Qərargah rəisi Rusiya hərbi kəşfiyyatının agenti olub – KİV


Moldova Baş Qərargahının keçmiş rəisi İqor Qorqanın uzun illər Rusiya hərbi kəşfiyyatının agenti olduğu iddia edilir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “The Insider” qəzeti məlumat yayıb.
Bildirilir ki, bu, İ. Qorqanın Rusiya Baş Kəşfiyyat İdarəsinin polkovniki Aleksey Makarovla “Telegram” yazışmaları əldə edildikdən sonra üzə çıxıb.
Nəşrin məlumatına görə, Qorqan mütəmadi olaraq Rusiya hərbi kəşfiyyatına ölkəsindəki siyasi vəziyyət, habelə Ukrayna Müdafiə Nazirliyinin silahlı qüvvələr üçün hərbi texnika və mərmi alan nümayəndələrinin səfərləri ilə bağlı məxfi məlumatlar ötürüb.
2019-cu ildən Moldova ordusunun Baş qərargah rəisi olmuş İqor Qorqan 2021-ci ilin sonunda, Maya Sandu prezident seçildikdən sonra vəzifəsindən azad edilib.
İddiaya görə, Qorqan bundan sonra da Baş qərargahdakı və ordudakı əlaltıları vasitəsilə belə məlumatları ötürə bilib.
“The İnsider”ə görə, İqor Qorqan və Aleksey Makarov fəal ünsiyyətə 2004-cü ildə, Qorqanın NATO missiyasında xidmət etdiyi vaxtda başlayıb. Onların ünsiyyəti xüsusilə 2022-ci ilin aprelində, yəni Rusiyanın Ukraynaya genişmiqyaslı işğalı başlayandan sonra aktivləşib.
Nəşrin yazdığına görə, Makarovla yazışmalarında Qorqan dəfələrlə bəyan edib ki, ölkəsində Rusiya qoşunlarının daxil olması üçün hər şey hazırdır, Moldovada təcili olaraq ölkəni təmizləmək lazımdır.
2023-cü ilin iyulunda rus diplomatlarının Moldovadan kütləvi surətdə çıxarılmasından bir qədər əvvəl İqor Qorqan Makarovla əlaqəni dayandırıb və BMT-nin Kişinyovdakı Qaçqınlar üzrə İdarəsində işə düzəlib.
“The İnsider” yazır ki, Moldova Müdafiə Nazirliyindəki köhnə əlaqələrindən istifadə edən Qorqan Rusiya Baş Kəşfiyyat İdarəsi üçün vacib bir agent olaraq qalır.

DİGƏR XƏBƏRLƏR

Top