
Təl-Əviv Məhkəməsi İsrail hökumətinin mayın 5-dən etibarən 35 gün müddətinə “Əl-Cəzirə” telekanalının yayımını dayandırmaq və ölkədəki ofislərini bağlamaqla bağlı təqdimatını təsdiqləyib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Ynet” portalı məlumat yayıb.
Portalın məlumatına görə, məhkəmə telekanalın 21 ofisinin bağlanmasını, həmçinin internet resurslarına İsrail ərazisindən çıxışın məhdudlaşdırılmasını və məzmun yaradılmasında istifadə olunan avadanlıqların müsadirə edilməsini təsdiqləyib.
Qeyd edək ki, mayın 5-də İsrail hökuməti “təxribat fəaliyyətinə görə” ölkə ərazisində yerləşən “Əl-Cəzirə” telekanalını bağlamaq qərarına gəlib.
“Ynet”in məlumatına görə, Nazirlər Kabinetinin nümayəndələri əvvəlcə məhkəmədən 45 gün müddətinə “Əl-Cəzirə” yayımını dayandırmağı və ofislərini bağlamağı xahiş ediblər.
Portal qeyd edir ki, məhkəməyə müraciət İsrailin rabitə naziri Şlomo Karyanın 5 may tarixli əmrinə əsasən edilib.
Aprelin 1-də Knesset (İsrail parlamenti) rabitə nazirinə baş nazirin razılığı ilə xarici KİV-lərin fəaliyyəti dövlət təhlükəsizliyinə xələl gətirdiyi təqdirdə İsraildə fəaliyyətlərini dayandırmaq üçün fərmanlar verməyə icazə verən qanun qəbul edib.
Bundan əlavə, nazirin xarici KİV-lərin ofislərini bağlamaq, internet saytlarına girişi məhdudlaşdırmaq və avadanlıqları müsadirə etmək səlahiyyəti var.
Tətbiqimizi yükləyə bilərsiniz