Hindistanın Baş naziri istefa verdi


Hindistanın Baş naziri Narendra Modi ölkədə keçirilən parlament seçkilərindən sonra yeni kabinetin formalaşması üçün istefa verib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Hindistan hökumətinin mətbuat xidməti öz saytında bəyanat yayıb.
“Baş nazir Narendra Modi bu gün Prezident Draupadi Murmu ilə görüşüb və Nazirlər Kabineti ilə birlikdə istefa verib. Prezident istefanı qəbul edib və Narendra Modi və Nazirlər Kabinetindən yeni hökumət hakimiyyətə gələnə qədər vəzifələrini davam etdirməyi xahiş edib”, - bəyanatda deyilir.
Müəyyən edilmiş prosedura görə, parlament seçkilərinin nəticələrinə əsasən, Hindistanın Baş naziri və Nazirlər Kabineti istefa verməli, lakin yeni hökumət formalaşana qədər öz vəzifələrini icra etməlidir. Daha sonra Hindistan Prezidenti qalib gələn partiyanın namizədinə yeni hökuməti formalaşdırmağı tapşırmalıdır.
Hindistanda keçirilən seçkilər nəticəsində Modinin rəhbərlik etdiyi Hindistan Xalq Partiyası (“Bharatiya Janata Parti”) parlamentdə 240 yer qazanıb ki, bu da hökuməti qurmaq üçün tələb olunan 272 yerdən 32 yer azdır.
Ümumilikdə, Modinin partiyasının rəhbərlik etdiyi Milli Demokratik Alyans isə səsvermənin nəticələrinə görə, parlamentin aşağı palatasının gələcək tərkibində 293 yerə sahibdir ki, bu da ona yeni hökuməti formalaşdırmağa imkan verir. Bu isə hökumətdə alyansa daxil olan partiyaların iştitrakı ilə koalisiya qurulacağını göstərir.
Digər tərəfdən. Narendra Modinin ardıcıl üçüncü dəfə Hindistanın Baş naziri olacağı gözlənilir. Hindistan Xalq Partiyasındakı mənbələrin verdiyi məlumata görə, Modi iyunun 8-də baş nazir andı içməyi planlaşdırır.
Qeyd edək ki, Hindistanda iyunun 4-də bir aydan çox davam edən parlament seçkiləri prosesi başa çatıb. Səsvermə yeddi mərhələdə aparılıb. Birinci mərhələ aprelin 19-da, sonuncu mərhələ isə iyunun 1-də baş tutub. Hindistanda səs vermək hüququ olan 1 milyarda yaxın insandan 640 mindən çoxu seçkilərdə iştirak edib. Seçici fəallığı 63,9% təşkil edib.

DİGƏR XƏBƏRLƏR

Top