
Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin Aİ-nin Ermənistandakı monitorinq missiyasını Rusiya, İran və Azərbaycana qarşı casusluqda ittiham edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə diplomat TASS-a müsahibəsində bildirib.
Qaluzin qeyd edib ki, Ermənistandakı Avropa missiyası ölkə sərhədlərinin qorunması ilə məşğul deyil:
“Əgər 2022-ci ildə İrəvan Azərbaycanla sərhəddə vəziyyəti sabitləşdirmək üçün KTMT vasitəsilə bir sıra tədbirlər həyata keçirmək təklifinə razılıq versəydi, bu gün Ermənistanın üzləşdiyi risklərin çoxu azaldıla bilərdi. Təəssüf ki, Ermənistan rəhbərliyi heç də dövlətin sərhədlərini qorumayan, lakin “monitorinq” adı altında Azərbaycan, İran və Rusiyaya qarşı kəşfiyyat məlumatlarının toplanması ilə məşğul olan Aİ missiyasını dəvət etməyi üstün tutdu”.
Xatırladaq ki, Aİ-nin uzunmüddətli missiyası 2023-cü il fevralın 20-dən 2 il müddətinə Ermənistanda yerləşib və ilkin olaraq 100 nəfərdən ibarət olub. 2023-cü ilin dekabrında Aİ missiyanın 209 nəfərə (əvvəlki 138 əvəzinə) genişləndiriləcəyini elan edib. Ermənistan hökuməti son iclasların birində Aİ-nin müşahidəçi statusunu təsdiqləyərək, praktiki olaraq onu diplomatik statusa bərabərləşdirib.
Tətbiqimizi yükləyə bilərsiniz