
“Şamaxı” futbol klubunun sabiq oyunçusu Franko Flores məhkəməyə verilib.
Yeniavaz.com xəbər verir ki, Franko Flores barəsində iddia İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qaldırılıb.
İddia Bakı Kommersiya Məhkəməsinin hakimi Günay Həşimovanın icraaatına verilib. İyun ayının 14-ü tarixinə məhkəmə baxışı təyin olunub.
Qeyd edək ki, məhkəmə iddiası vergi ödəyicisi olan şəxslərin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması ilə bağlıdır.
Məlumat üçün bildirək ki, Argentina əsilli Franko Flores 1993-cü ildə anadan olub. Futbolçu karyerasına Argentina U20 milli komandasında başlayan Franko Flores 2019/2020-ci il mövsümündə Azərbaycanın “Keşlə” klubunda oynayıb. Daha sonra 2021/22-ci il mövsümündə “Şamaxı” (əvvəlki adı “Keşlə”) klubunda oynayıb. Müdafiəçi mövqeyində oynayan Franko Flores daha sonra Argentinanın “CS Estudiantes (San Luis)” klubunda oynayıb. Məşhur “Transfermarkt” portalının məlumatına görə, Franko Flores hazırda Çilinin “Deportes Linares” klubunda forma geyinir.
Onu da qeyd edək ki, Franko Flores Azərbaycanda olarkən vergi ödəyicisi kimi (VÖEN – 1603760502) qeydiyyata alınıb. Açıqlanan son məlumatlara görə hazırda Franko Floresin dövlət büdcəsinə 10 min 379 manat 7 qəpik vergi borcu var.
Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz