86 milyard dollarlıq “OpenaAI”nin baş direktoru ayda 5,4 min dollar qazanır?


“ChatGPT” süni intellekt modelini yaradan “OpenAI” şirkətinin rəhbəri Sem Altman ildə 65 min dollar (ayda təxminən 5 min 420 dollar) qazanır.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “The Wall Street Journal” qəzeti məlumat yayıb.
Məlumata görə, 86 milyard dollarlıq şirkətdəki nisbətən aşağı maaşına baxmayaraq, 39 yaşlı Altman “Reddit” və “Stripe”da payları olan geniş investisiya portfeli vasitəsilə bu ilin əvvəlinə ən azı 2,8 milyard dollar aktivə sahib olub. Ümumilikdə isə Altman 400-dən çox şirkətə sərmayə qoyub. O, həmçinin “JPMorgan Chase”dən olan startaplara, o cümlədən “OpenAI” ilə əməkdaşlıq edən şirkətlərə yüz milyonlarla dollar sərmayə qoymağa imkan verən kredit xəttindən istifadə edib. Belə ki, may ayında “OpenAI” “Reddit”lə ortaqlığa başlayıb və bu, şirkətin səhmlərinin qiymətinin 10%-dən çox artmasına səbəb olub. Beləliklə, Altmanın “Reddit”dəki şəxsi payı 69 milyon dollar artıb.
Qeyd edək ki, Sem Altman tanınmış sahibkar və süni intellekt üzrə ekspert olmaqla yanaşı, həm də “OpenAI”nin təsisçisi və baş direktorudur. Əvvəlcə şirkət Sem Altman, Qreq Brokman, İlon Musk, Cessika Livinqston, Piter Til və başqaları tərəfindən maliyyələşdirilib. 2015-ci ildə fəaliyyətə başladıqdan sonra isə şirkət xarici sponsorlardan 1 milyard dollar cəlb edib.
Xatırladaq ki, 2023-cü ilin noyabrında Altman inamsızlıq səbəbindən vəzifəsindən uzaqlaşdırılıb. Bundan sonra o, “Microsoft”a dəvət edilib. Lakin işdən çıxarıldıqdan bir həftə keçməmiş, Altman “OpenAI” işçilərinin etirazı sayəsində şirkətin baş direktoru vəzifəsinə qayıdıb.

DİGƏR XƏBƏRLƏR

Top