Türkiyə BRİKS-ə üzv olmaq istəyir


“Türkiyə BRİKS-ə qoşulmaq istəyir, bu məsələ birlik nazirlərinin Nijni Novqorodda keçiriləcək iclasında müzakirə olunacaq”.
Yeniavaz.com
“South China Morning Post” qəzetinə istinadla xəbər verir ki, bu sözləri Çində səfərdə olan Türkiyənin xarici işlər naziri Hakan Fidan deyib.
“Əlbəttə, biz BRİKS-in üzvü olmaq istərdik. Görək, bu il nəyə nail ola bilərik”, - deyə nazir bildirib.
Fidanın sözlərinə görə, bəzi Avropa dövlətləri onun ölkəsinin Aİ-yə daxil olmasına qarşı çıxır, ona görə də, Türkiyə hakimiyyəti BRİKS-i alternativ inteqrasiya platforması kimi nəzərdən keçirir.
“Biz BRİKS-in mühüm əməkdaşlıq platforması kimi bəzi digər ölkələrə yaxşı alternativ təklif etməsi faktını nəzərdən qaçıra bilmərik. Biz BRİKS-də potensial görürük”, - deyə nazir əlavə edib.
Məlumata görə, Fidan Rusiyada BRİKS ölkələrinin xarici işlər nazirlərinin görüşündə iştirak etməyi gözlədiyini də bildirib.
Bu görüşdə mövzulardan birinin NATO üzvü olan Türkiyənin BRİKS-ə qoşulma ehtimalının olacağı gözlənilir.
Qeyd edək ki, iyunun 10-11-də Nijni Novqorodda BRİKS ölkələrinin xarici işlər nazirlərinin görüşü keçiriləcək. Görüş birliyə üzv olmayan tərəfdaşların iştirakı ilə geniş tərkibdə baş tutacaq.
Xatırladaq ki, Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan 2018-ci ildə BRİKS sammitində iştirak edib. Rusiya Prezidenti Vladimir Putin isə Ankaranın 2022-ci ildə BRİKS-ə qoşula biləcəyini bildirib.
BRICS beş sürətlə inkişaf edən ölkədən ibarət olan bir qrupdur. Üzvləri Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika Respublikasıdır (Brazil, Russia, India, China, South Africa - BRICS).

DİGƏR XƏBƏRLƏR

Top