
İslamabad Ali Məhkəməsi Pakistanın keçmiş baş naziri, müxalif “Ədalət Hərəkatı” Partiyasının lideri İmran Xana, eləcə də, keçmiş xarici işlər naziri Şah Mahmud Qureşiyə dövlət sirrini açıqlamaqda ittiham olunduqları işdən bəraət verib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Dawn” qəzeti məlumat yayıb.
“İmran Xan və Mahmud Qureşi başqa ittihamlarla həbsdə olmadıqları təqdirdə dərhal azad edilməlidirlər”, - deyə məhkəmənin hökmündə qeyd edilib.
Digər tərəfdən, bazar ertəsi paytaxt məhkəməsi hər iki siyasətçiyə qarşı 2022-ci ilin oktyabr-noyabr aylarında hakimiyyətin növbədənkənar parlament seçkilərini keçirməkdən imtina etməsinə qarşı partiya fəallarının hökumət əleyhinə etiraz yürüşü zamanı vandalizm aktları təşkil etmək ittihamını ləğv edib.
Beləliklə, 71 yaşlı sabiq baş nazir ona qarşı irəli sürülən qanunsuz nikah ittihamı ilə həbsxanada qalmaqda davam edəcək.
Qeyd edək ki, 2024-cü ilin yanvarında İmran Xan və Şah Mahmud Qureşi dövlət sirri haqqında qanunu pozmaqda ittiham edilərək hər biri 10 il müddətinə azadlıqdan məhrum edilib.
Fevralın əvvəlində isə məhkəmə keçmiş baş nazir və onun həyat yoldaşını qeyri-qanuni nikaha daxil olmaqda təqsirli bilib və onları 7 il müddətinə azadlıqdan məhrum edib.
Xatırladaq ki, Xan 2018-2022-ci illərdə Pakistan Nazirlər Kabinetinə rəhbərlik edib. Keçmiş hökumət başçısı 2022-ci il aprelin 10-da ona qarşı verilən etimadsızlıq səsverməsi nəticəsində vəzifəsindən kənarlaşdırılıb.
Xanın dövlət sirlərini pozmaqda şübhəli bilindiyi istintaq 2022-ci il martın 27-də Pakistanın Vaşinqtondakı səfirindən şifrlənmiş teleqram aldığını açıqladıqdan sonra başlayıb. Hansı ki, siyasətçinin sözlərinə görə, ABŞ nümayəndələri diplomatik missiyanın rəhbəri ilə söhbətində 2022-ci ilin fevralında Moskvaya səfəri zamanı nümayiş etdirdiyi Ukrayna ilə bağlı Rusiyayönlü mövqeyinə görə baş nazirin hakimiyyətdən kənarlaşdırılmasını tövsiyə edib.
Tətbiqimizi yükləyə bilərsiniz