
Oyuncaqlar əsasən iki qrupa ayrılırlar. Birinci qrup oyuncaqlar oyun məqsədi ilə düzəldilməyən, ancaq uşağın oyun vasitəsi kimi istifadə etdiyi oyuncaqlardır. Məsələn, qaşıqlar, qələmlər, kibrit qutuları və s. İkinci qrup oyuncaqlar isə oyun məqsədi ilə düzəldilən oyuncaqlardır. Məsələn, oyuncaq maşınlar, gəlinciklər, alətlər və s.
Bundan başqa, əyləncə, təlim və sosial xarakterli oyuncaqlar da var:
- Əyləncə xarakterli oyuncaqlar - Bu oyuncaqlar əsasən vaxt keçirmək üçün nəzərdə tutulan oyuncaqlardır.
- Təlim xarakterli oyuncaqlar - Bu oyuncaqlara əsasən boyama kitabları, maketlər, konstruktorlar və s. daxildir.
- Sosial xarakterli oyuncaqlar - Bu oyuncaqlar uşağın ətraf mühitlə ünsiyyət qurmasına kömək edən oyuncaqlardır.
Yaş məsələsinə gəlincə uşağın yaşına görə oyuncaq seçmək çox çətindir. Ümumiyyətlə, oyuncaq seçərkən uşağın xüsusiyyətlərini bilmək çox vacibdir. Bundan başqa, oyuncaq alarkən öz arzu və istəkləriniz əvəzinə uşağınızın yaş və xüsusiyyətlərini nəzərə alsanız, daha yaxşı olar. Eyni zamanda, oyuncaq alarkən uşağın fikrini öyrənmək də pis olmaz.
İndi isə yaşa görə oyuncaqların təsnifatını nəzərdən keçirək:
- 6 aydan kiçik uşaqlar səsə və rəngə qarşı həssasdırlar. Bu dövr üçün müxtəlif rəngləri olan səsli və zınqırovlu oyuncaqlar xarakterikdir.
- Uşaq oturmağa başlayırsa, əli çatan hər şeyi götürməyə və ağzına aparmağa çalışır. Bu dövrdə uşaqların diqqətini daha çox yumşaq oyuncaqlar, rəngli halqalar, plastik kublar, kauçuk fiqurlar cəlb edir (yeri gəlmişkən deyək ki, kauçuk fiqurlar uşaqların dişlərinin bərkiməsi üçün də çox vacibdir).
- Uşaq ayaq üstə durmağa başladıqda əlinə keçən hər şeyi tullamağa başlayır. Ona görə də, bu dövrdə uşaqlara elastik, həmçinin səs çıxaran oyuncaqlar almaq daha yaxşıdır. Bunlar rəngli toplar, iç-içə girən qutular və s. ola bilər.
- Uşaq artıq evin içərisində rahat hərəkət etməyə başlayırsa, artıq ona minmək üçün böyük oyuncaqlar almaq məsləhətdir. Həmçinin, bu yaşda olan uşaqlara kiçik sandıqçalar, səbətlər, çantalar və s. də almaq olar.
- Əgər uşağın 2 yaşı varsa, ona daha çox hissələrə ayrılan oyuncaqlar alın. Bir şərtlə ki, bu hissələr kiçik olmasınlar. Uşaqlar, adətən, bu dövrdə qutuları doldurub boşaltmaqdan, müxtəlif qüllə və körpülər düzəltməkdən zövq alırlar. Bu yaşda olan uşaqları mətbəx dəstləri, müxtəlif ölçülü plastik fiqurlar, gəlinciklər də cəlb edir.
- Uşaqlar ata-analarını təqlid etməyə başladıqda onlara miniatür dülgər və ya mətbəx dəstləri də almaq olar.
- 3 yaşından yuxarı uşaqlar üçün üçtəkərli velosipedlər daha maraqlıdır. Həmçinin, bu dövrdə uşaqlar yaradıcılığa daha çox meyilli olduqları üçün onlara plastik kublar və ya plastilin də almaq olar.
- 3-5 yaş arasında olan uşaqlara onların fantaziyasını inkişaf etdirən oyuncaqlar almaq məsləhətdir (məsələn, gəlinciklər, mətbəx dəstləri, rəngli klavişləri olan pianinolar, həkimlər üçün alətlər və s. kimi).
- 6-8 yaşlı uşaqlara isə toplar, miniatür maşınlar, maketlər, konstruktorlar, plastilinlər, sulu və ya yağlı boyalar almaq olar.
- 9-11 yaşlı uşaqlar üçün stolüstü oyunlar, video oyunları, kiçik hissələrə ayrılan konstruktorlar, üçölçülü təyyarə modelləri, məsafədən idarə edilən oyuncaqlar, tennis və s. daha maraqlıdır.
- 12 yaşdan yuxarı uşaqlar üçün konkret düşüncə tələb edən oyuncaqlar məsləhətdir. Bunlar sadə mikroskoplar, teleskoplar, kimya və ya elektronikaya aid dəstlər və s. ola bilər. Bundan başqa, velosiped də bu yaşda olan uşaqların ən sevimli əyləncəsidir.
Unutmaq olmaz ki, oyun vaxt itkisi yox, əyləncədir. Digər tərəfdən, istər sosial, istərsə də iqtisadi vəziyyətindən asılı olmayaraq oyun bütün uşaqların hüququdur.
Aygün Vəliyeva