
ABŞ-nin keçmiş prezidenti və prezidentliyə namizəd Donald Trampin seçki qərargahı ölkə tarixində keçmiş prezidentin məhkəmə prosesində ilk dəfə mühakimə olunmasından sonra seçki kampaniyasının rekord miqdarda pul topladığını açıqlayıb.
Yeniavaz.com xəbər verir, bu barədə “Fox News” telekanalı məlumat yayıb.
Məlumata görə, seçki qərargahı Trampın Nyu-Yorkda məhkəmədə 34 maddə üzrə təqsirli bilinməsindən sonra 8 saat ərzində seçki kampaniyası üçün 34,8 milyon dollar toplandığını bəyan edib.
Cümə axşamı isə seçki qərargahı yeni bir rəqəm açıqlayıb və hökmdən sonra 24 saat ərzində onlayn rəqəmsal fandreyzinq platforması vasitəsilə təxminən 53 milyon dollar toplandığını bildirib.
Qərargahdan bildirilib ki, bu məbləğ Tramp kampaniyası üçün “WinRed” platformasında indiyə qədər qeydə alınan ən böyük məbləğ olub.
Qeyd edək ki, Nyu-York məhkəməsinin münsiflər heyəti ABŞ-nin keçmiş prezidenti Donald Trampı ittiham olunduğu maliyyə saxtakarlığı ilə bağlı bütün 34 maddə üzrə təqsirli bilib. Beləliklə də, o, ABŞ tarixində münsiflər heyəti tərəfindən cinayətdə təqsirli bilinən ilk keçmiş prezident olub.