Tərcümə Mərkəzi Ramiz Rövşəndən sonra qardaşı ilə də müqavilə imzaladı


Azərbaycan Dövlət Tərcümə Mərkəzi Yaşar Məmmədəli oğlu Əliyev ilə satınalama müqaviləsi imzalayıb.
Yeniavaz.com
xəbər verir ki, bir mənbədən satınalma metodu əsasında imzalanan müqaviləyə görə Dövlət Tərcümə Mərkəzi Yaşar Əliyevə “Məşhurların aforizmi” kitabının tərtibi və rus dilindən Azərbaycan dilinə tərcüməsi üçün 13 min 650 manat ödəyəcək.
Məlumat üçün bildirək ki, nasir və tərcüməçi olan Əliyev Yaşar Məmmədəli oğlu 3 may 1963-cü ildə anadan olub. 1993-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü olan Yaşar Əliyev tanınmış şair Ramiz Rövşənin qardaşıdır.
Yaşar Əliyev 1992-93-cü illərdə Suraxanı rayon İcra hakimiyyətində şöbə müdiri, 1993-95-ci illərdə isə Əzizbəyov rayon İcra hakimiyyəti başçısının müavini vəzifələrində işləyib.
Məlumat üçün onu da bildirək ki, Azərbaycan Dövlət Tərcümə Mərkəzi bu ilin mart ayında Ramiz Məmmədəli oğlu Rövşən (VÖEN – 1902228212) ilə də 14 min 400 manat dəyərində satınalma müqaviləsi imzalayıb. Bu pul Ramiz Rövşənə “Dünya ədəbiyyatı inciləri” kitabının redaktəsi üçün ödənilib.
Onu da qeyd edək ki, Dövlət Tərcümə Mərkəzi 2012-ci ildə yaradılıb. Mərkəz dil və tərcümə sahəsinin tənzimlənməsi istiqamətində dövlət siyasətini həyata keçirən dövlət qurumudur. Mərkəzin açıqladığı sonuncu maliyyə hesabatında qurumun 2022-ci ili 77 min 686 manat zərərlə başa vurduğu göstərilib. Son bir ildə Dövlət Tərcümə Mərkəzinin zərəri 83 dəfə artıb.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top