
“Eşref Saati”, “Behzat Ç. Bir Ankara Dedektifi”, “Döngel Karhanesi”, “Yol Ayrımı”, “Tabutda Rövaşata” və s. kimi uğurlu serial və filmlərdə rol alan türk kino və teatrının ustad adı Ahmet Uğurlu 72 yaşında dünyasını dəyişib.
Yeniavaz.com Türkiyə KİV-ə istinadla xəbər verir ki, bu barədə məlumatı Cem Yılmaz yayıb.
“Ailəsinə və bütün sevənlərinə səbir diləyirəm. Gənclik qəhrəmanımız idi. Məkanı Cənnət olsun”, - deyə Cem Yılmaz bildirib.
Ahmet Uğurlu türk teatr, kino və televiziya dünyasının tanınmış simalarından biri idi. O, 2 avqust 1952-ci ildə Konyada anadan olub. Ankara Dövlət Konservatoriyasında teatr təhsili alıb. Bu təhsil ocağı ona aktyorluq sənətinə dərin marağını və istedadını inkişaf etdirmək imkanı verib. Uğurlunun sənət həyatı müxtəlif dövlət teatrlarında oynadığı tamaşaları və rolları ilə formalaşıb. Belə ki, Ahmet Uğurlu bir çox mühüm film və seriallarda rol alıb. Onun kino karyerasında dönüş nöqtəsi rejissor Dərviş Zaimin çəkdiyi “Tabutda Rövaşata” filmi olub. Bu filmdə canlandırdığı “Mahsun” obrazı onun aktyor kimi bacarıqlarını ortaya qoyub və aktyor bu obraza görə, müxtəlif mükafatlar alıb. Xüsusilə, 33-cü “Qızıl Portağal” Film Festivalında “Tabutda Rovaşata” filmindəki roluna görə, “Ən yaxşı aktyor” mükafatına layiq görülüb.
Uğurlunun televiziyadakı əsərləri arasında isə “Eşref Saatı”, “Yol Ayrımı” və “Behzat Ç. Bir Ankara Dedektifi” kimi məşhur seriallar mühüm yer tutur. O, bu layihələrdəki rollarına görə tamaşaçılar tərəfindən tanınıb.
Onun hobbilərinə kömürlə rəsm çəkmək, pianoda ifa etmək və dülgərlik daxildir. Onun türk xalq musiqisinə də böyük marağı olub.
Səhnə sənətinə olan həvəsi onu türk teatr və kinosunun unudulmaz adlarından birinə çevirib.
Ahmet Uğurlu aktyor Mustafa Uğurlunun böyük qardaşıdır.
Tətbiqimizi yükləyə bilərsiniz