Kramarenkonun qızı Rusiyanın 30 ən perspektivli gəncindən biri ola bilər


Məşhur “Forbes” nəşri Rusiyada 30 yaşdan aşağı 30 ən perspektivli rusiyalının reytinqini tərtib etmək üçün müsabiqəyə start verib.
Yeniavaz.com
xəbər verir ki, “Forbes” jurnalı yaşı 30-dan aşağı olan 100 namizəddən ibarət siyahı hazırlayıb.
Bildirilir ki, siyahı jurnalın redaktorları tərəfindən ekspertlərin - sahibkarların, menecerlərin, investorların, bu və ya digər sahədə çəkisi olan məsləhətçilərin köməyi ilə tərtib edilib.
Siyahı formalaşdırdıqdan sonra münsiflər heyəti, ekspertlər şurası (hər kateqoriya üzrə 3-5 mütəxəssis daxildir) və redaktorlar “Forbes” saytında oxucuların səsverməsinin nəticələrini nəzərə alaraq, 30 yaşa qədər ən perspektivli rusiyalılardan 30 nəfəri seçəcəklər. 10 nominasiyanın hər biri üzrə 3 şəxs seçiləcək və ilk 30 şəxsin adı “Forbes” jurnalının iyun sayında dərc olunacaq.
Məlumat üçün bildirək ki, siyahıdakı namizədlər sırasında Rusiyada yaşayan azərbaycanlı gimnast Lalə Kramarenkonun da adı var. Bədii gimnastika ilə məşğul olan 19 yaşlı Lalə Kramarenko məşhur azərbaycanlı futbolçu  Dmitri Kramarenkonun qızıdır.

Lalə Kramarenko

Dmitri Kramarenko 1974-cü ildə Bakıda anadan olub. Atası Sergey Kramarenko da tanınmış futbolçu olub. 1946-cı ildə Gəncə şəhərində anadan olan Sergey  Kramarenko 1966-cı ildə “Neftçi” futbol klubunun tərkibində SSRİ çempionatının bürünc mükafatını qazanıb. Sergey Kramarenko 2008-ci ildə Moskvada vəfat edib.

Sergey Kramarenko

Dmitri Kramarenko isə hazırda Rusiyanın CSKA futbol klubunda qapıçılar üzrə məşqçidir. Dmitri Kramarenko 1992-2005-ci illərdə Azərbaycan milli komandasının qapıçısı olub. Daha sonra “Qəbələ”, “Neftçi” klublarında, həmçinin milli komandada məşqçi kimi fəaliyyət göstərib.

Dmitri Kramarenko

Rusiyada 30 yaşdan aşağı 30 ən perspektivli rusiyalının reytinq siyahısına namizəd olan Lalə Kramarenko 2021-ci ildə komanda yarışında Avropa çempionu olub. Rusiyanın beynəlxalq yarışlardan uzaqlaşdırılması səbəbindən Lalə Kramarenko beynəlxalq yarışlarda iştirak edə bilmir. 2024-cü il Rusiya çempionatında Lalə hətta ayağından zədələnsə də, bütün yarışlarda qalib olaraq beş qızıl medal qazanıb. Lalə Kramarenko hazırda Rusiyada bədii gimnastika üzrə ən güclü idmançı hesab olunur.

Murad Məmmədov

DİGƏR XƏBƏRLƏR

Top