
“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyunun 13-15-də İtaliyanın cənubundakı Brindizi şəhərində keçiriləcək G7 sammitində iştirakını təsdiqləyib”.
Yeniavaz.com xəbər verir ki, bu barədə İtaliyanın Baş naziri Corca Meloni Ərdoğanla söhbətindən sonra məlumat verib.
Telefon danışığında İtaliya və Türkiyə liderləri ikitərəfli münasibətlərin vəziyyətini və beynəlxalq böhranın inkişafının əsas ssenarilərini müzakirə ediblər və Meloni “Böyük yeddilik” sammitində iştirakını təsdiqlədiyi üçün həmsöhbətinə təşəkkür edib.
Məlumdur ki, ABŞ, İngiltərə, Kanada, Fransa, Almaniya, İtaliya və Yaponiyadan ibarət G7-nin toplantısında Birləşmiş Ərəb Əmirliklərinin rəhbəri Şeyx Məhəmməd bin Zayed Əl Naqayan və Roma Papası Fransisk də iştirak edəcək.
KİV-in məlumatına görə, G7 sammitində Ukrayna Prezidenti Vladimir Zelenski də iştirak edə bilər, lakin bu barədə rəsmi təsdiq yoxdur.
Əsasən Ukraynadakı müharibə və Yaxın Şərqdəki münaqişənin müzakirə olunacağı sammitdə Rusiyanın dondurulmuş aktivlərindən istifadə ilə bağlı G7 planının təsdiqlənməsi gözlənilir.
Tətbiqimizi yükləyə bilərsiniz