
İranda 14-cü növbədənkənar prezident seçkiləri üçün namizədlərin qeydiyyatı cümə axşamı yerli vaxtla saat 08:00-da başlayıb və iyunun 3-dək davam edəcək.
Yeniavaz.com xəbər verir ki, bu barədə İranın İSNA agentliyi məlumat yayıb.
Məlumata görə, iddiaçılara 5 gün vaxt verilib ki, İran Daxili İşlər Nazirliyi ilə əlaqə saxlasınlar və seçkilərdə iştirak etmək üçün öz namizədliklərini təqdim etsinlər.
İyunun 4-dən etibarən bütün qeydiyyatdan keçmiş şəxslərin namizədlikləri Qəyyumlar Şurası tərəfindən yeddi gün ərzində ərizəçinin səlahiyyətlərinə və prezident vəzifəsi üçün ixtisaslarına uyğunluq baxımından nəzərdən keçiriləcək və təsdiq edilmiş namizədlərin yekun siyahısı iyunun 11-də elan ediləcək. Siyahı dərc edildikdən sonra hər kəsin təşviqat üçün 15 gün vaxtı olacaq.
Seçkilərin özü isə iyunun 28-də keçiriləcək. Əgər birinci turda namizədlərdən heç biri səs çoxluğunu toplamasa, iyulun 5-də ikinci tur keçiriləcək və birinci turda ən çox səs toplayan iki namizəd iştirak edəcək.
Qeyd edək ki, İran konstitusiyasına, 1985-ci il seçki qanununa və onun 2021-ci il düzəlişlərinə əsasən, prezident birbaşa ümumi səsvermə yolu ilə dörd il müddətinə seçilir və ardıcıl iki müddətdən çox seçilə bilməz. Namizəd 40-75 yaş arası, İran mənşəli və dövlət qurumlarında rəhbər vəzifələrdə iş təcrübəsi olan İran vətəndaşı ola bilər.
İran tarixində 14-cü prezident seçkiləri mayın 19-da İranın Şərqi Azərbaycan əyalətində Prezident İbrahim Rəisinin helikopter qəzasında həlak olması ilə əlaqədar keçiriləcək. Onunla birlikdə İran Xarici İşlər Nazirliyinin rəhbəri Hüseyn Əmir Abdullahian və ölkənin bir sıra dövlət rəsmiləri də uçurdular. Qəzada helikopterin bütün sərnişinləri və ekipaj üzvləri - ümumilikdə 8 nəfər həlak olub.