
Böyük Britaniyada parlament cümə axşamı, mayın 30-da rəsmi olaraq buraxılıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə qanunverici orqanın saytında məlumat dərc olunub.
Mövcud qaydalara görə, parlament bu il iyulun 4-nə təyin edilmiş səsvermə gününə 25 iş günü qalmış buraxılmalıdır. Hazırda İcmalar Palatasının (Parlamentin aşağı palatası) bütün üzvləri istefa veriblər və artıq öz seçicilərini təmsil etmirlər. Ancaq istənilən halda onlardan hər hansı biri yenidən namizədliyini irəli sürə bilər. Lordlar Palatasının (Parlamentin yuxarı palatası) üzvləri isə seçilmədikləri və baş nazirin tövsiyəsi ilə kral tərəfindən təyin olunduqları üçün öz yerlərini saxlayırlar.
Yeni parlament formalaşana qədər baş nazir və hazırkı kabinet parlament üzvü olmağı dayandırsalar da, öz vəzifələrində qalır, seçki kampaniyasının həssas dövründə isə məhdud səlahiyyətlərlə iş aparırlar.
Səsvermənin nəticələrinin iyulun 5-də məlum olacağı gözlənilir. Yeni parlamentin ilk iclası iyulun 9-na təyin edilib, bu iclasda İcmalar Palatasında spiker seçiləcək və deputatlar and içəcəklər. İyulun 17-də parlamentin iclasının başlanğıcını qeyd edən monarxın çıxışı ilə parlamentin təntənəli açılış mərasimi keçiriləcək.
Qeyd edək ki, qanuna görə, Böyük Britaniya ən azı beş ildə bir dəfə ümumi seçkilər keçirməli və yeni Parlament seçməlidir.
Xatırladaq ki, mayın 22-də Böyük Britaniyanın Baş naziri Rişi Sunak parlamentin buraxıldığını və ölkədə iyulun 4-nə növbədənkənar seçkilərin təyin edildiyini bəyan edib. Ancaq istər kütləvi informasiya vasitələri, istər politoloqlar, istərsə də partiya nümayəndələri bu qərarın gözlənilməz olduğu qənaətindədirlər.
Tətbiqimizi yükləyə bilərsiniz