2023-cü ildə dünya üzrə 1153 ölüm hökmü icra edilib


2023-cü ildə dünyada icra olunan ölüm hökmlərinin sayı demək olar ki, on ilin ən yüksək səviyyəsinə çatıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə beynəlxalq insan haqları təşkilatı “Amnesty International”ın ölüm hökmünün tətbiqi ilə bağlı illik hesabatında deyilir.
Belə ki, hüquq müdafiəçilərinin hesablamalarına görə, 2023-cü ildə dünyanın 16 ölkəsində 1153 edam icra olunub. Bu, 20 ölkədə 883 edam edildiyini bildirdiyi 2022-ci ilə nisbətən 31% artım deməkdir.
Hesabat müəllifləri qeyd edirlər ki, bu, dünya üzrə 1634 nəfərin edam edildiyi bildirilən 2015-ci ildən bəri qeydə alınan ən yüksək göstəricidir.
2023-cü ildə çıxarılan ölüm hökmlərinin sayı 20% artaraq 2428-ə çatıb.
İnsan haqları müdafiəçilərinin statistikasına görə, Çin (dəqiq məlumatlar bilinmir), İran (ən azı 853 edam), Səudiyyə Ərəbistanı (172), Somali (ən azı 38) və ABŞ (24) 2023-cü ildə ən çox edam edilən beş ölkə arasında yer alıb.
Beynəlxalq Amnistiya Təşkilatının baş katibi Anyes Kallamar bildirib ki, qeyd edilmiş edamların sayında böyük artım əsasən İranla bağlıdır.

DİGƏR XƏBƏRLƏR

Top