“Aİ-nin xarici işlər nazirləri ciddi şəkildə İsrailə qarşı sanksiyaları müzakirə edib”


“Aİ xarici işlər nazirlərinin görüşündə ilk dəfə olaraq İsrailə qarşı sanksiyalar və onların nəticələri ciddi müzakirə edilib”.
Yeniavaz.com
“Politico”ya istinadən xəbər verir ki, bu barədə İrlandiyanın xarici işlər naziri Mixol Martin görüşdən sonra jurnalistlərə bildirib.
O qeyd edib ki, İsrailə qarşı sanksiya tədbirləri ilə bağlı müzakirələrdə iştirak edənlər eyni fikirdə olmayıblar, lakin onların hamısı mövcud vəziyyətlə bağlı narahatlığı bölüşürlər:
“Beynəlxalq Ədalət Məhkəməsi qərar qəbul edib  və Aİ həmişə bu məhkəmənin müstəqilliyini və ölkələrin ona hörmət etməsi zərurətini dəstəkləyib. Müzakirə zamanı çox aydın fikir ifadə olundu ki, İsrail məhkəmənin göstərişlərinə əməl etməlidir - Rəfahda hərbi əməliyyatı dayandırmalı və sərhəd keçidini açmalıdır”.
İsrail rəsmiləri, öz növbəsində, “Politico”ya Martinin bəyanatlarını şərh edə bilməyəcəklərini, eyni zamanda İDF-nin (İsrail ordusu) mülki vətəndaşların ölümünü araşdırdığını və döyüşlər zamanı cəlb olunmayan mülki şəxslərə vurulan hər hansı zərərdən təəssüfləndiklərini vurğuladılar.
Xatırladaq ki, mayın 24-də Beynəlxalq Ədalət Məhkəməsi İsraildən Rəfahdakı hərbi əməliyyatını dərhal dayandırmağı, soyqırım iddialarını araşdırmaq üçün mütəxəssislərin Qəzza zolağına çıxışını təmin etməyi və zolağın Misirlə sərhədində humanitar yardımların çatdırılması üçün keçid məntəqəsinin açılmasını tələb edib. Mayın 27-nə keçən gecə İsrail Rəfaha hücum edib və Fələstin tərəfinin məlumatına görə, bu hücumda 45 nəfər həlak olub.
Qeyd edək ki, İrlandiya may ayında Fələstinin müstəqilliyini tanıdığını elan edən üç Avropa ölkəsindən biridir.

DİGƏR XƏBƏRLƏR

Top