
Moskva vilayətinin Balaşixa şəhərində hava hücumundan müdafiə qüvvələri pilotsuz təyyarəni vurub.
Yeniavaz.com xəbər verir ki, bu barədə teleqram kanalında vilayət qubernatoru Andrey Vorobyov məlumat yayıb.
Bildirilir ki, hadisə saat 21:00 radələrində (Bakı vaxtı ilə 22:00 - red.) Kuçino mikrorayonunda baş verib. Vorobyovun sözlərinə görə, PUA-nın qalıqları şəxsi evin üzərinə düşüb:
“Evdə olan insanlar təxliyə oluna bilib, heç kim xəsarət almayıb. Evin bərpasında mütləq kömək edəcəyik. Balaşixa sakinləri gurultu səsləri eşidirdilər - zəhmət olmasa, sakit olun, bütün xidmətlər yerində işləyir”.
Bu arada Rusiya Müdafiə Nazirliyi Moskva vilayəti ərazisində “kiçik ölçülü şarın” məhv edildiyini bildirib.
TASS agentliyi aviasiya xidmətlərinə istinadən yazıb ki, mayın 27-də axşam saatlarında Moskvanın şimal-şərqində uçuş səviyyələrində yerləşən təyyarələr uçuş və eniş kurslarını müvəqqəti dəyişib. Agentliyin həmsöhbəti bildirib ki, bu dəyişiklik uçuşların gəlişinə az da olsa təsir edəcək - Moskva hava limanları normal işləyir.
Tətbiqimizi yükləyə bilərsiniz