
Slovakiyanın Baş naziri Robert Fitso bazar ertəsi təkrar tibbi müayinədən keçəcək.
Yeniavaz.com xəbər verir ki, bu barədə 59 yaşlı siyasətçinin xəstəxanaya yerləşdirildiyi Banska Bistritsa şəhərindəki Ruzvelt xəstəxanasının rəhbərliyi məlumat yayıb.
“Baş nazirin səhhətinin inkişafı əvvəllər verilmiş proqnozlara uyğundur, o, bazar ertəsi növbəti müayinədən keçəcək”, - məlumatda deyilir.
Qeyd edək ki, ötən gün həkimlər Fitsonun vəziyyətinin orta dərəcədə yaxşılaşdığını təsdiqləyib.
Xatırladaq ki, Fitso mayın 15-də sui-qəsd cəhdinə məruz qalıb. Baş nazir bir neçə güllə yarası alıb və bir neçə əməliyyatlar keçirib. Hücum edən şəxs saxlanılıb. Bu, 71 yaşlı yazıçı Yuray Tsintuladır. O, siyasi motivlərlə adam öldürməyə cəhddə ittiham olunur. Fitso 2006-2010 və 2012-2018-ci illərdə Slovakiyanın Baş naziri olub və 2023-cü ilin oktyabrında yenidən hökumətin başçısı seçilib.