
Ermənistanın Tavuş rayonunun Kirants kənd sakini Azərbaycanla sərhəddə yerləşən kəndə gələn baş nazir Nikol Paşinyanı evinə buraxmayıb.
Yeniavaz.com “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, sakinlərdən biri Baş nazir Nikol Paşinyana "ölkəmiz getdikcə kiçilir", - deyə etiraz edib.
“Bu, azalmır, lakin xəritələrə görə sərhəd olduğu yerdə qalıb”, - deyə Baş nazir cavab verib.
Daha bir neçə kənd sakini delimitasiya prosesi başa çatdıqdan sonra Paşinyan və ailəsinin Kirantsda məskunlaşmasını təklif edib.
Qeyd olunur ki, Baş nazir bundan əvvəl Voskepar və Bağanis kəndlərində olub, Azərbaycanla sərhədin delimitasiyası işlərinin gedişi ilə bağlı ona məlumat verilib.
Xatırladaq ki, aprelin 19-da Tavuşda delimitasiyanın aparılması ilə bağlı məlum bəyanatdan sonra mayın 15-də Ermənistan və Azərbaycan baş nazirlərinin müavinləri Mher Qriqoryanın və Şahin Mustafayevin sədrliyi ilə delimitasiya komissiyalarının doqquzuncu iclası keçirilib. Nəticədə 1976-cı ilin xəritələri əsasında bir sıra yaşayış məntəqələri arasında bilavasitə sərhədin delimitasiyasını təsvir edən protokol imzalandı.