
Portuqaliya Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Milli Arxiv İdarəsi (“Torre do Tombo”) ölkənin sabiq baş naziri, məşhur diktator Antoniu di Oliveyra Salazarın arxivini rəqəmsallaşdıracaq və internetdə ictimaiyyətə təqdim edəcək.
Yeniavaz.com Portuqaliya mətbuatına istinadən xəbər verir ki, 1932-68-ci illərdə Portuqaliyaya rəhbərlik edən diktatorun arxivi ümumilkdə 1 177 qutuya yerləşdirilib. Arxivdə ümumilkdə 1,2 milyon ədəd şəkilin olduğu bildirilir. Salazarın arxivinin rəqəmsallaşdırılmasının 2026-cı ildə başa çatacağı bildirilir.
Onu da bildirək ki, Portuqaliya mətbuatında Salazarın həyatının son 2 ili ilə bağlı olduqca maraqlı məlumatlar yer alıb və bugünə kimi təkzib olunmayıb.
Məlum olduğu kimi, Portuqaliya diktatoru 1968-ci ilin avqust ayında öz yay evində stuldan yıxılır və nəticədə insult keçirir. Səhhəti kəskin pisləşən Salazarı sentyabr ayının 27-də baş nazir vəzifəsindən uzaqlaşdırırlar. İddia olunur ki, Antoniu Salazar 1970-ci ilin iyul ayının 27-ə, yəni vəfat edənə qədər baş nazir vəzifəsindən uzaqlaşdırıldığını bilmir. Bildirilir ki, Salazar özünə gələndə sadiq tərəfdarları onu kadr dəyişikliyi xəbərləri ilə “kədərləndirməməyə” qərar veriblər. Onlar ağır xəstəlikdən sonra Salazarın belə xəbərlərin stressinə dözə bilməyəcəyindən ehtiyat edən həkimlərin tövsiyələrinə əməl ediblər. Buna görə də, onun səlahiyyət illüziyasını saxlamaq üçün nazirlər mütəmadi olaraq yarıiflic olan siyasətçinin yanına gələrək vəziyyətlə bağlı “hesabat veriblər”.
Üstəlik, həkimlərin məsləhəti ilə keçmiş baş nazir üçün onun sevimli qəzeti olan “Diario de Noticias”ın ayrıca nüsxəsi çap olunub. Fransanın “L'Aurore” qəzetinin müxbiri Roland For 1969-cu ilin avqustunda Antonio Salazardan müsahibə alıb. Jurnalist qeyd edib ki, siyasətçi Jorj Pompidunun Şarl de Qolu əvəzlədiyini bilirdi, lakin ölkəsində yeni hökumətdən tamamilə xəbərsiz idi.
Murad Məmmədov
Tətbiqimizi yükləyə bilərsiniz